8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür
8 Mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına və pis iş şəraitinə etiraz olaraq tətil etməsi qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı kimi qəbul edilir.
Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.
1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.